Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatı

30 yanvar 2008-ci il

Carı ilin 29 yanvar tarixində Rusiya Federasiyasının Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyalarının növbəti 15-ci iclası keçirilmişdir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini X.Xələfovun və Rusiya Federasiyasının XİN-nin xüsusi tapşırıqlar üzrə Səfiri A.Yakovenkonun rəhbərlik etdiyi Dövlət Komissiyalarının birgə iclasının işində iki ölkənin Dövlət Komissiyalarının üzvləri, həmçinin əlaqədar sərhəd rayonlarının (Qusar, Xaçmaz və Balakən) rəhbərləri və ekspertlər iştirak etmişlər.

İclasda razılaşdırılmamış sahələrdə dövlət sərhəd xəttinin keçməsi məsələlərinin müzakirəsi davam etdirilmiş, normativ-hüquqi sənədlər və kartoqrafik materiallar qiymətləndirilmişdir.

Tərəflərin mövqelərinin yaxınlaşması nəticəsində delimitasiya prosesinin başa çatdırılması üçün müvafiq imkanlara baxılmış, işlərin davam etdirilməsi qərara alınmışdır.

"Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında" Müqavilə layihəsi üzrə fikir mübadiləsi aparılmış və əsas kimi qəbul edilmişdir.

İclasın yekunlarına dair müvafiq Protokol imzalanmışdır.

Komissiyanın növbəti iclasının Azərbaycan Respublikasında keçirilməsi barədə razılıq əldə edilmişdir.