Ermənistanın Rusiyadakı Səfiri Armen Smbatyanın Ermənistan və Azərbaycandan olan ziyalılar qrupu nümayəndələrinin təşəbbüsünə dair söylədiyi fikirlərlə bağlı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin press-relizi
28 sentyabr 2007-ci il
Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həlli prosesi ATƏT-in Minsk Qrupu çərçivəsində həyata keçirilir. Hələ ki əhəmiyyətli nəticələrin əldə olunmamasına baxmayaraq, Azərbaycan tərəfi sülh danışıqlarına sadiq qalır və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində tezliklə nizamlanması məqsədilə konstruktiv səylərini həyata keçirməyə davam etdirir.
Eyni zamanda, münaqişənin nizamlanma prosesinə təkan verilməsi məqsədilə, Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğlunun və Ermənistanın Rusiyadakı Səfiri Armen Smbatyanın təşəbbüsü ilə, 2007-ci il iyunun 28-də iki ölkədən olan ziyalılar qrupu nümayəndələrinin Azərbaycanın işğal edilmiş ərazilərinə, Yerevan və Bakıya səfəri təşkil olunmuşdur.
Bu səfər heç bir siyasi məqsəd güdmürdü. Uzun fasilədən sonra Dağlıq Qarabağ bölgəsinin Azərbaycan və erməni icmaları arasında dialoq mühitinin yaradılması üçün cəhd göstərilmişdir.
Qeyd etmək istərdim ki, dünyanın aparıcı siyasi qüvvələri qeyd olunan səfəri müsbət qiymətləndirmişlər. Hesab edirəm ki, ziyalıların iki ölkə Prezidentləri İ.Əliyev və R.Köçəryanla keçirdiyi görüşlər bu səfərə daha da yüksək əhəmiyyət vermiş və sülh dialoqun genişləndirilməsinə imkan yaratmışdır. Bu kontekstdə, qeyd olunan formatda görüşlərin davam etdirilməsi ehtimalını istisna etmirəm.