Mətbuat üçün məlumat, 8 dekabr, 2006-ci il

Azərbaycan Respublikasının Xaricdə Yaşayan Həmvətənlərlə İş üzrə Dövlət Komitəsinin Sədri Nazim İbrahimov Rusiya Federasiyasına səfəri zamanı dekabrın 8-də Rusiya Xarici İşlər Nazirinin müavini və stats-katibi Qriqoriy Karasinlə görüş keçirmişdir.

Görüş zamanı N.İbrahimov Rusiyada miqrantların ticarətlə məşğul olması ilə əlaqədar Rusiya Federasiyası hökumətinin 15 noyabr 2006-cı il tarixli 683 šli qərarından irəli gələn məsələlərə toxunaraq bu qərarın Rusiyada yaşayan azərbaycanlı həmvətənlərə təsiri və ortaya çıxan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən danışmışdır.

N.İbrahimov Q.Karasinlə Rusiyada fəaliyyət göstərən azərbaycan diaspora təşkilatları ilə birgə Dövlət Komitəsinin görəcəyi tədbirlər barədə ümumi məlumatla bölüşmüş, bu prosesdə Rusiyanın federal və yerli orqanlar tərəfdən Rusiya qanunvericiliyi çərçivəsində dəstəyin verilməsini arzulamış və ayrıseçkilik faktların qarşısın alınmasının vacibliyini vurğulamışdır.

Müvafiq köməyin təmin olunacağını bildirən Q.Karasin Azərbaycan tərəfini əmin etmişdir ki, Rusiya Hökumətinin müəyyənləşdirdiyi tədbirlər son nəticədə Rusiyanın ticarət, qeyri-qanuni miqrasiya kimi sahələrində qayda-qanunun yaradılmasına yönəlibdir və Rusiyada yaşayan azərbaycanlılarla heç bir bağlığı yoxdur.

Görüş zamanı aidiyyəti problemlərin həlli zamanı Dövlət Komitəsi və Rusiyanın səlahiyyətli qurumları arasında birgə razılaşdırılmış səylərin həyata keçirilməsi və müntəzəm dialoqun aparılması kimi məsələlər ətraflı müzakirə edilmişdir.

Görüşdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu iştirak etmişdir.