28.03.2008 tarixində Moskvada MDB ölkələri İnstitutu tərəfindən keçirilmiş "Kosovodan sonra: tanınmamış dövlətlərin birliyi tanınmağa doğru yolda" adlı beynəlxalq konfransa Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən qondarma rejimi nümayəndələrinin dəvət edilməsi ilə bağlı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin mətbuat üçün açıqlaması

7 aprel 2008-ci il

28.03.2008 tarixində Moskvada RF Dövlət Dumasının MDB məsələləri və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini K.Zatulinin başçılıq etdiyi MDB ölkələri İnstitutu "Kosovodan sonra: tanınmamış dövlətlərin birliyi tanınmağa doğru yolda" adlı beynəlxalq konfrans keçirilmişdir. Həmin konfransa Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən qondarma rejimin nümayəndələri dəvət edilmiş və RF hakimiyyət orqanlarının nümayəndələri iştirak etmişdir.

Fakt ilə bağlı Səfirlik müvafiq tədbirlər görmüş və 07.04.2008 tarixində RF XİN-ə etiraz notasını ünvanlanmışdır. Sənəddə aydın və kəskin şəkildə RF Konstitusiyasına görə qanunvericilik hakimiyyəti orqanının nümayəndəsi, üstəgəl parlamentin MDB məsələləri ilə məşğul olan komitə sədrinin birinci müavini K.Zatulin tərəfindən bu cür qanunsuz fəaliyyətdən əl çəkməməsinə diqqət yetirilmiş və belə bir fəaliyyətin qəbuledilməz olduğu bildirilmişdir.

Konfransa RF XİN-i və Moskva Hökuməti nümayəndələrin dəvət edilməsinin də Səfirlik tərəfindən iki ölkə arasında təşəkkül tapmış və Azərbaycanla RF arasında bağlanmış müqavilə və digər siyasi-hüquqi sənədlərdə əks etdirilmiş strateji əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi açıq bəyan edilmişdir.

RF XİN-dən konfransın keçirilməsi ilə əlaqədar izahatın verilməsi və gələcəkdə bu cür hallara yol verilməməsi xahiş edilmişdir.