28 may – Respublika Günü
28 may, 2007
28 may 2007-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Sərirliyi tərəfindən Moskvanın “Mariott Roяlь Avrora” mehmanxanasında Azərbaycanın milli bayramı - “Respublika Günü” münasibətilə ziyafət mərasimi təşkil olunmuşdur.
Bayram əhval-ruhiyyəsində keçən ziyafətdə RF Prezidenti Administrasiyasının məsul əməkdaşları, Federasiya Şurasının senatorları, Dövlət Dumasının deputatları, Xarici İşlər Nazirliyi, MDB orqanları, Federal, Moskva və Moskva vilayəti Hökumətlərinin rəsmiləri, Moskvada akkreditə olunmuş səfirlər, konsullar, diplomatlar, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbərliyi, görkəmli mədəniyyət, incəsənət, elm və din xadimləri, hüquq-mühafizə, miqrasiya xidməti orqanlarının, eləcə də təhsil və səhiyyə müəssisələrinin rəhbər işçiləri, diaspora, ictimai, həmçinin də beynəlxalq təşkilatların üzvləri, rus və xarici kütləvi informasiya vasitələri qurumlarının təmsilçiləri, ümumilikdə 300 nəfərədək qonaq iştirak etmişdir.
Tədbirin əvvəlində Bakının 2 saylı uşaq musiqi məktəbinin skripkaçılar ansamblının ifasında Azərbaycan və Rusiyanın himnləri çalınmış, milli bayram münasibətilə Prezident V.Putinin cənab İlham Əliyevin adına ünvanladığı təbrik məktubu oxunmuşdur.
Mərasimi giriş sözü ilə açan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu bu “Gün”ün xalqımız üçün kəsb etdiyi tarixi əhəmiyyəti, Azərbaycan Demokratik Respublikasının 1918-ci ildə yaranması və müsəlman şərqindəki ilk “Parlament Respublikası” kimi fəaliyyət göstərməsi, ölkənin müstəqillik tarixi, onun suveren dövlət kimi inkişafı, regiondakı mövqeyi, durmadan artan beynəlxalq nüfuzu barədə ətraflı məlumat verdi. Sözün həqiqi mənasında, Azərbaycanda demokratik cəmiyyət quruculuğunun banisi ümummilli lider Heydər Əliyev olduğunu bütün qonaqların diqqətinə konkret tarixi faktlarla çatdıran Səfir, ulu öndərin Azərbaycan xalqının müstəqilliyi üçün göstərdiyi əvəzsiz xidmətlərini xüsusi qeyd etdi. Bildirildi ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən hüquqi, demokratik dövlət quruculuğu, xarici siyasət, həmçinin də sosial və iqtisadi sahələrdə həyata keçirilən məqsədyönlü fəaliyyət məhz elə Heydər Əliyevin vaxtilə qoyduğu kursun inamlı davamıdır. Demokratiya prinsiplərinə sadiq olan müstəqil bir dövlət kimi artıq bütün dünyada yaxşı tanınan, öz yüksək səviyyəli inkişaf göstəriciləri ilə seçilən Azərbaycanın Rusiya ilə strateji xarakter daşıyan ikitərəfli münasibətlərində artan xətt üzrə izlənilən müsbət tendensiya, eləcə də qarşılıqlı əlaqələrin bərabər hüquqlu əməkdaşlıq prinsipləri əsasında qurulduğu vurğulanmışdır.
Səfir Polad Bülbüloğlu 2008-ci ildə Demokratik Azərbaycan Respublikasının 90-cı ildönümünün təntənəli şəkildə qeyd olunacağını böyük fərəh hissilə mərasim iştirakçılarının diqqətinə çatdırmışdır.
Çıxış edən RF-nin XİN-nin stats-sekretarı, nazir müavini Q.Karasin və Federasiya Şurasının sədr müavini D.Mezentsev Respublika Günü münasibətilə səmimi təbriklər ifadə etmiş, Azərbaycan Respublikasının dinamik inkişafı, insanlarının firəvan həyatı, tarixi yüzilliklərlə ölçülən iki xalq arasındakı dostluq və qarşılıqlı münasibətlər haqqında xoş arzularla çıxış etmişlər. Hər iki ölkə başçısı-Vladimir Vladimiroviç Putin və İlham Heydər oğlu Əliyevin şərəfinə səmimi sağlıqlar dilənmiş. Bu günlərdə Azərbaycandan rəsmi səfərdən qayıtmış Moskva Dövlət Universitetinin (MDU) rektoru V.Sadovniçiy səfər zamanı ölkə başçısı cənab İlham Əliyevlə yüksək səviyyəli görüşü barədə xoş xatırələrini bölüşərək Azərbaycanda MDU-nun filialının açılması ilə əlaqədar aparılan işləri, mütəxəssis hazırlığı üçün bunun böyük əhəmiyyətini, təhsil sahəsində Azərbaycan ali məktəbləri ilə yaranmış əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirmiş, bayram münasibətilə səmimi təbriklər söyləmiş, MDU-nun 250 illik yubiley medalını Səfir Polad Bülbüloğluna təqdim etmişdir.
Qəbul zamanı xalq və klassik musiqi əsərləri ifa olunmuş.