Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT-AMOR) təsis konfransı keçirilmişdir
20 aprel, 2009
Cari ilin 18 aprel tarixində RF-nin 60 subyektindən gəlmiş 300 nəfərə yaxın nümayəndənin iştirakı ilə Moskvanın “Forum Xolunda” Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT-AMOR) təsis konfransı keçirilmişdir. Konfransda Azərbaycandan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi dairələrinin təmsilçiləri, Səfirliyin diplomatları, ayrı-ayrı regionların diaspor təşkilatlarının rəhbərləri, eləcə də ən aparıcı KİV-lərin müxbir və jurnalist heyəti iştirak etmişlər.
İlk öncə, Heydər Əliyev Fondunun Rusiyadakı Nümayəndəliyinin rəhbəri xanım Leyla Əliyeva konfransı açaraq giriş nitqi söyləmiş, RF-nin 60-a yaxın ali məktəbində yaradılmış “Azərbaycan Klublarının” məqsədyönlü işi, bu fəaliyyətin əlaqələndirilməsində RAGT-ın rolu, rusiyalı gənclərlə aparılan birbaşa dialoqların əhəmiyyəti, gənclərin mütəşəkkil təşkilatlanmasından əldə olunan müsbət nəticələr və sair bu kimi məsələlər barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.
Rusiya Federasiyası və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Azərbaycanın Gənclər və İdman naziri A.Rəhimov, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin uğurla davam etdirilməsi, hazırkı mərhələdə Rusiya - Azərbaycan münasibətlərinin dinamik inkişafından, ölkə başçılarının qarşılıqlı səfərləri zamanı keçirdikləri görüşlər, apardıqları danışıqlardan əldə olunmuş səmərəli nəticələrin gənclər siyasətinin uğurla həyata keçirilməsinə real imkanlar yaratdığından, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyi tərəfindən bu istiqamətdə görülən işlərin əhəmiyyətindən söz açmış, böyük bir təşkilat ətrafında birləşən gənclərə arzularını çatdırmışdır. Nazir öz çıxışını “Hərəkəti irəliyə istiqamətlənən gənclər üçün üfüqlər açılır” sözləri ilə bitirmişdir.
Təmsil etdiyi Nazirliyin adından səmimi təbriklərini söyləyən RF-nin İdman, Turizm və Gənclər siyasəti nazirinin müavini O.Rojnov, çoxlu sayda millətlərin nümayəndələrinin yaşadığı Rusiya ərazisində azərbaycanlı gənclərin bu cür təşkilatlanmasını yüksək qiymətləndirmiş, hər iki ölkənin gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulamışdır. Yeni yaranan bu böyük təşkilatın digər gənclər təşkilatları ilə sıx əlaqələr quracağına, həm təşkilatı baxımdan, həm də proqramının reallaşdırılması nöqteyi - nəzərdən Rusiyadan dövlət dəstəyi alacağına əminlik bildirmiş, konfrans iştirakçılarına Rusiya nazirin səmimi təbriklərini çatdırmışdır.
Xaricdə, eləcə də Rusiya və Azərbaycanda fəaliyyət göstərən nüfuzlu gənclər təşkilatlarının RAGT-a ünvanladıqları təbrik məktubları oxunmuş, konfransın gündəliyi səsə qoyularaq təsdiqlənmiş, işçi orqanları-katiblik və hesablama komissiyası üçün üzvlər seçilmiş, ötən dövrdə görülən işlər barədə, RAGT-ın təşkilat komitəsinin adından, E.Hacıyevin məruzəsi dinlənilmişdir. Məruzə ətrafında Vladivostok, Tomsk, Sankt-Peterburq, Rostov-Don, Çelyabinsk, Başqırdıstan və İvanovskdan olan nümayəndələr çıxış etmiş, real işlər və qarşıda duran vəzifələrdən danışmışlar.
RAGT-ın yaradılması və bu qurumun nizamnaməsi barədə verilən təkliflər səsə qoyulmuş və təsdiq olunmuşdur.
Heydər Əliyev Fondunun Rusiyadakı Nümayəndəliyinin rəhbəri xanım Leyla Əliyevanın Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri vəzifəsinə namizədliyi irəli sürülmüş, bu təklif yekdilliklə qəbul edilmişdir. Növbəti səsvermə nəticəsində təşkilatın 7 nəfərdən ibarət idarə heyəti və nəzarət - təftiş komissiyasının üzvləri də seçilmişdir.
Təşkilatın sədri xanım Leyla Əliyeva yekun nitqi söyləmiş, Rusiyadakı azərbaycanlı gəncləri bu təşkilatlanma münasibəti ilə təbrik etmişdir. Təşkilatın əsas məqsəd və məramlarını, eləcə də nizamnaməsində öz əksini tapmış konkret müddəaları açıqlayan xanım Leyla Əliyeva, bütün gənc həmvətənləri Azərbaycanı layiqincə təmsil etməyə, ölkəmizin imicini daim yüksək səviyyədə saxlamağa, rusiyalı gənclərlə birgə məhsuldar fəaliyyətə çağırmışdır. O, Azərbaycanın iqtisadi və sosial sahələrdəki intensiv inkişafı barədə, konkret faktlara istinadən, məlumatlar vermiş, regionlarda həyata keçirilən layihələrin müsbət nəticələrini xüsusi vurğulamış, vətəndən kənarda yaşayan və təhsil alan gənclərin qarşısında duran konkret vəzifələrdən danışmışdır. Xanım Leyla Əliyeva Ermənistan tərəfindən ölkə ərazilərimizin işğalının acı nəticələrinə də toxunmuş, bu münaqişənin tez bir zamanda öz məntiqi yekununu tapacağına, milyondan artıq məcburi köçkünün öz doğma torpaqlarına qayıdacaqlarına böyük inam ifadə etmişdir. Konfransın təşkilində yaxından iştirak edən qurumlara və gənclərə səmimi təşəkkürlərini çatdıran xanım Leyla Əliyeva, təşkilatın ideya və planlarının reallaşdırılması, gənc həmvətənlərin vahid siyasətə uyğun sıx birləşməsi, RAGT-ın işlək qurum kimi daim fəaliyyət göstərməsi üçün real imkanlardan səmərəli istifadə olunacağına əminlik bildirmiş, konfransın bütün iştirakçılarına xoş arzularını çatdırmışdır.
Yekunda, RAGT-ın rusiyalı gənclərə müraciəti oxunmuş, həmin mətn təsdiq olunmuşdur.
Nahar fasiləsindən sonra, konfrans iştirakçılarına Azərbaycanla bağlı sərgi nümayiş etdirilmiş, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin təşkilatı dəstəyi ilə “Forum Xolun” böyük zalında Azərbaycan və Rusiyanın tanınmış musiqiçiləri, incəsənət ustalarının ifasında geniş konsert proqramı göstərilmişdir. Konsertə fəxri qonaq qismində Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyeva təşrif buyurmuş, Moskva şəhərinin aparıcı ali məktəblərinin rektorları və prorektorları, tanınmış elm və mədəniyyət xadimləri, bir sıra xarici ölkələrin Səfirləri, Azərbaycandan dəvət olunmuş qonaqlar, regionlardan gəlmiş ali məktəb tələbələri və diaspora nümayəndələri, KİV orqanlarının rəhbərləri, ümumilikdə 2000 nəfərdən artıq adam yüksək səviyyədə təşkil olunmuş konsert proqramına baxmışlar. Zalda qurulmuş böyük ekranlarda Azərbaycan mədəniyyəti və incəsənətini özündə əks etdirən slayd - şou göstərilmişdir.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təsis konfransı barədə müfəssəl məlumatlar aparıcı informasiya kanallarında geniş yayılmışdır. Həmin gün, “Rossiya” televiziyasının “Vesti” xəbərlər kanalında xanım Leyla Əliyevanın müsahibəsi göstərilmişdir. Müxbirin suallarını ətraflı şəkildə cavablandıran xanım Leyla Əliyeva Heydər Əliyev Fondunun coxşaxəli fəaliyyəti, həyata keçirilən layihələr, şəxsi təşəbbüsü və gənc həmvətənlərin arzusu ilə yaradılan RAGT-ın məqsədləri barədə məlumat vermiş, azərbaycanlı gənclərin Rusiya cəmiyyətinə inteqrasiyası, bu istiqamətdə perspektiv inkişafın əsas strategiyası və sair kimi məsələlərlə bağlı geniş ictimaiyyətə zəruri məlumatlar vermişdir. Xanım Leyla Əliyevanın həmin mövzuda Rusiyanın ən aparıcı kanallarından biri hesab edilən “Mayak” radiostansiyasına da vermiş müsahibəsi böyük dinləyici auditoriyasının marağına səbəb olmuşdur.