Azərbaycanin Rusiyadaki Səfirliyində təqdimetmə mərasimi

30 oktyabr, 2009

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi tərəfindən “YUNESKO-nun dünya mədəni irsinin şah əsərləri siyahısı Moskva şəhərində” adlı layihənin təqdimat mərasimi təşkil olunmuşdur. Səfirliyin “Qonaq evinin” akt zalında keçirilən həmin tədbirdə RF-də akkreditə olunmuş bir sıra səfirliklərin (Ukrayna, Bolqarıstan, Estoniya, Macarıstan, İordaniya, İsrail, Qırğızıstan və s.) mədəniyyət məsələləri üzrə müşavirləri, diplomatlar, YUNESKO-nun Moskva Bürosu, bəzi muzey, mədəniyyət mərkəzləri və fondlarının nümayəndələri, RF XİN-in IV departamenti və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin məsul əməkdaşları, səfirliyin humanitar məsələlər üzrə şöbəsinin diplomatları istirak etmislər.

Mərasimi giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu milli mədəni irsimizin tarixi, ölkəmizin YUNESKO təşkilatının şah əsərləri siyahısına salınmış mədəni inciləri barədə mərasim iştirakçılarını məlumatlandırmışdır. İlk dəfə Azərbaycan səfirliyi tərəfindən təşəbbüs qaldırılaraq təklif edilən həmin layihənin əhəmiyyətini xüsusi vurğulamış və bildirmişdir ki, ölkələrimizin milli–mədəni irsinin, şah əsərlərinin digər xalqların nümayəndələrinə də çatdırılması, mədəniyyətlərarası dialoqun və humanitar əməkdaşlığın dinamik inkişafına öz müsbət təsirini göstərəcəkdir. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən milli proqramlar çərçivəsindəki layihələrə istinadən YUNESKO-nun şah əsərləri siyahısına salınmış muğamın inkişafı, Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin açılmasını, birinci Beynəlxalq Muğam Festivalının məhz elə bizim ölkəmizdə baş tutmasını xüsusi qeyd etmişdir. Bu cür layihələrin humanitar sahədə diplomatik aksiya olduğunu diqqətə çatdıran səfir onun uğurla davam etdiriləcəyinə əminliyini bildirmişdir.

Layihənin məqsəd və məramı, formatı, əhatə dairəsi, təşkilati prinsipləri və məkanı, gözlənilən nəticələr, ən əsası isə YUNESKO-nun dünya mədəni irsinin şah əsərləri siyahısına daxil edilmiş muğam sənəti barədə səfirlik tərəfindən hazırlanmış təqdimat iştirakçıların marağına səbəb olmuşdur. Əsas məruzənin müzakirəsi zamanı mədəniyyət məsələləri ilə məşğul olan xarici ölkə diplomatları, RF XİN-in məsul əməkdaşı, Rusiya Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyinin rəhbərliyi, YUNESKO-nun Moskva Bürosunun nümayəndəsi və digər qonaqlar təklif olunan layihəni yüksək qiymətləndirmiş, onun davamı üçün öz tərəflərindən lazımi işlərin görüləcəyinə əminlik ifadə etmişlər. Həmin layihə çərçivəsində öz ölkələrinin də YUNESKO-nun dünya mədəni irsinin şah əsərləri siyahısına salınmış mədəni inciləri barədə geniş auditoriya üçün təqdimat mərasimlərinin təşkil olunması ilə əlaqədar xarici ölkə diplomatları təşəbbüslər irəli sürmüşlər.

Təqdimatın yekununda Azərbaycan muğamı səsləndirilmiş, bu sənət incisi auditoriyanın böyük marağına səbəb olmuşdur. Çay süfrəsi arxasında səmimi söhbətlərlə davam etdirilən mərasimin iştirakçılarına "Baku" jurnalının bir neçə sayı hədiyyə edilmişdir.