Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
26 dekabr, 2009
Cari ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və yeni il bayramları ilə əlaqədar təntənəli mərasim təşkil olunmuşdur. Tədbirdə Rusiyanın 40-dan artıq subyektində fəaliyyət göstərən diaspora təşkilatlarının rəhbərləri, tanınmış ziyalı həmvətənlər, Azərbaycanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki Baş konsulları, aparıcı KİV təmsilçiləri, ümumilikdə isə 100 nəfərdən artıq şəxs iştirak etmişdir.
Mərasimin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciəti oxunmuşdur.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş əsas məruzə ilə çıxış edən Səfir Polad Bülbüloğlu bütün qonaqlara səmimi təbriklərini çatdırmış, bu bayram Gününün təsisi ilə əlaqədar, dəqiq tarixi faktlara istinadən, böyük öndər Heydər Əliyevin xüsusi rolunu qeyd etmişdir. O, Bu gün, ölkə Prezidenti İlham Əliyev tərəfindən diaspora işinə verilən önəm və yetirilən xüsusi diqqət barədə iştirakçıları geniş məlumatlandırmışdır.
Çıxışının yekununda Səfir Polad Bülbüloğlu, 20 nəfərə - müxtəlif diaspora təşkilatlarının fəal üzvlərinə Səfirliyin fəxri nişanı və pul mükafatı, üzərində qısa təbrik məktubu yazılmış Heydər Əliyev barəsində buraxılan xatirə kitablarını təqdim etmişdir.
Digər çıxış edənlər də öz növbəsində, bu əhəmiyyətli “Günün” rolunu xüsusi vurğulamış, xaricdə yaşayan azərbaycanlıların mütəşəkkil təşkilatlanması və lobbiçilik fəaliyyətinin gücləndirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu ümdə vəzifələrin yerinə yetirilməsi üçün bütün potensial imkanlardan istifadə olunacağına əminlik bildirmişlər.
Çıxışlardan sonra qısa bədii hissədə tarın müşayiəti ilə “Vətən” şeri oxunmuş və bayram süfrəsi arxasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ünvanına təbriklər söylənilmiş, Həmrəylik Günü və yeni il münasibəti ilə arzular səsləndirilmişdir. Yekunda bütün iştirakçılara xatirə hədiyyələri, o cümlədən hər iki dildə Prezidentin xalqa müraciətinin mətni, konsulluq reqlamentlərini özündə əks etdirən sənədlər, “Baku” və “İRS” jurnalları, eləcə də Azərbaycan haqqında CD disklər təqdim olunmuşdur.